Naxçıvan gimnastları beynəlxalq festivalda uğurla çıxış ediblər

Bakı şəhərinin Fəvvarələr meydanında Azərbaycan, Türkiyə, Gürcüstan və Litvanı təmsil edən komandaların iştirakı ilə “Gimnastika hamı üçün” növü üzrə IV Bakı Beynəlxalq Festivalı keçirilib. Tədbirə 60 komandadan ümumilikdə 900-ə yaxın iştirakçı qatılıb.

Festivalda Naxçıvan Muxtar Respublikasını “Step Legends”, “Ladybug”, “African Echo” və “Şərur-Naxçıvan” komandaları təmsil edib. Məşqçilər Humay Qafarova və Xanım Əhmədovanın (“Şərur-Naxçıvan”) rəhbərliyi ilə ümumilikdə 40 idmançı festivalda iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Onların təqdim etdikləri rəngarəng və maraqlı çıxışlarla yüksək nəticələr əldə edərək festivalın qalibləri sırasında yer alıblar.

Festivala “Step Legends” və “Şərur-Naxçıvan” komandaları birinci yerə layiq görülüblər. “African Echo” komandası ikinci olmaqla yanaşı, “Ən yaxşı kostyum” nominasiyasının qalibi olub. “Ladybug” komandasının çıxışı da ikinciliklə qiymətləndirilib. Komandanın üzvü İbrahim Nəsrin isə festivalın “Ən balaca iştirakçı” nominasiyasında fərqlənib.

Tədbir çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb, fərqlənən iştirakçılara diplom və hədiyyələr təqdim olunub.